Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır
Astara, 8 may, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon İcra Hakimiyyətinin və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş videokonfrans keçirilib.
Onlayn tədbirdə rayonun idarə və müəssisə rəhbərləri, məktəb direktorları və şagirdlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova videokonfransda çıxış edərək Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrünün ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, Ulu Öndərin Azərbaycana 35 illik rəhbərliyi dövründə ölkəmiz əsrlərə bərabər inkişaf yolu keçib.
Sonra Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov və başqaları çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində ölkəmizdə vətəndaş müharibəsi dayandırıldı, Milli Ordumuzun döyüş qüdrətinin artırılması nəticəsində torpaqlarımızın işğalına son qoyuldu və atəşkəs əldə olundu, ölkəmizdə ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş təmin edildi.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan iqtisadi qüdrəti olan bir dövlət kimi, həm də güclü orduya malikdir. 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm qalibiyyəti dünyaya səs saldı. Şanlı Azərbaycan Ordusunun böyük şücaəti, döyüş bacarığı, yenilməzliyi və böyük qalibiyyəti sayəsində indi üçrəngli bayrağımız Qarabağda dalğalanır.