Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO
Zəngilan, 10 oktyabr, AZƏRTAC
Bu mənim Azərbaycana, Qarabağa ilk səfərimdir. Azərbaycanın azad olunmuş ərazilərində görülən sürətli genişmiqyaslı bərpa-quruculuq işləri həqiqətən çox heyranedicidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Qarabağ və Şərqi Zəngəzura ABŞ-dən gələn səyyah Forest Caveney bildirib.
“Ən bəyəndiyim yer Laçın şəhəri olub. Biz, həmçinin Zəngilan və Şuşada olduq. Azərbaycanın tezliklə keçmiş məcburi köçkünləri öz doğma torpaqlarına köçürmək səyləri də təqdirəlayiqdir”, - deyə Forest Caveney vurğulayıb.
Qeyd edək ki, dünyaşöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi Çarlz Veleyin başçılığı ilə beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri baş tutub. Budəfəki heyətə 13 ölkədən (ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Britaniya və s.) təxminən 40 nəfər daxildir. Səfər proqramında Azərbaycanın qədim tarixini, böyük keçmişini özündə əks etdirən alban məbədlərinin ziyarəti də var. Bu, dünyanın əsas səyyah klublarının 2021-2026-cı illərdə Qarabağ və Şərqi Zəngəzura qrup şəklində 17-ci səfəridir. Bu səfərlər işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə yerində tanış olmağa imkan yaradır.
Müxbir - Aydın Yavərzadə