“AZƏRBAYCANIN EPİQRAFİK ABİDƏLƏRİ”NİN DÖRDÜNCÜ CİLDİNİN TƏQDİMATI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Məşədixanım Nemətovanın “Azərbaycanın epiqrafik abidələri” (rus dilində) kitabının növbəti, dördüncü cildinin təqdimatı olmuşdur. Fotoşəkillərlə zəngin olan kitab akademik Vasim Məmmədəliyevin redaktorluğu ilə “Nurlan” nəşriyyatında nəfis şəkildə çap edilmişdir.
Mərasimdə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, AMEA-nın müxbir üzvləri Vəli Əliyev, İlyas Babayev, Şamil Fətullayev, tarix elmləri doktorları Şahin Fazil, Vəfa Quliyeva və başqaları bildirmişlər ki, Məşədixanım Nemətovanın əsəri Azərbaycan tarixinin öyrənilməsində qiymətli mənbədir. Əsərin birinci cildində Bakı şəhəri və Abşeron yarımadasının, ikinci cildində Şəki-Zaqatala bölgəsinin, üçüncü cildində isə Naxçıvan Muxtar Respublikasının ərəb-fars-türkdilli kitabələri öyrənilmişdir. Kitabın həmin üç cildi Küveyt Beynəlxalq İslam Xeyriyyə Təşkilatının keçirdiyi müsabiqənin qalibi olmuş və müəllif mükafata layiq görülmüşdür. Dördüncü cild Quba-Xaçmaz və Cənubi Dağıstan zonaları kitabələrinin (VIII- XX əsrin əvvəli) tədqiqinə həsr olunmuşdur.
Qeyd edilmişdir ki, epiqrafika ilə məşğul olmaq üçün ərəb və fars dillərini bilməklə yanaşı, xüsusi istedad, səbir və dəyanət də lazımdır. Azərbaycanın orta əsrlər epiqrafiyası olduqca zəngindir və M.Nemətovanın bu sahədə fəaliyyəti təqdirəlayiqdir. O, 1948-ci ildən başlayaraq, Azərbaycanın tarixi ərazilərini gəzmiş, 2500-dən çox yazını oxumuş, külli miqdarda yeni və dəqiq faktlarla Azərbaycan tarixşünaslığını zənginləşdirmişdir.
Sonda Məşədixanım Nemətova tədbirin təşkilatçıları və iştirakçılarına, eləcə də kitabın nəşrində əməyi olanların hamısına minnətdarlıq etmiş, əsərin beşinci cildinin çapa hazırlandığı bildirmişdir.