Azərbaycanın Gürcüstandakı səfirliyi və AZEBİ dövlətimizin başçısının çağırışına qoşulublar
Tbilisi, 9 aprel, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyi və bu ölkədə fəaliyyət göstərən Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) COVID-19 pandemiyasına qarşı mübarizədə və onun yayılmasının qarşısının alınması prosesində fəal iştirak edirlər.
AZEBİ-nin icraçı direktoru Nəriman Qurbanov AZƏRTAC-a bildirib ki, birliyə üzv olan şirkətlər Azərbaycan səfirliyinin təşkilatçılığı ilə Gürcüstan dövləti tərəfindən həyata keçirilən tədbirlərə qoşulub, xüsusilə koronavirusla bağlı yaranmış vəziyyətdən daha çox əziyyət çəkən aztəminatlı ailələrə, qocalara, xəstələrə kömək göstərəcək.
Ölkəmizin Gürcüstandakı səfirliyinin və AZEBİ-nin Azərbaycan Prezidentinin çağırışına qoşularaq soydaşlarımıza və bu ölkədə müvəqqəti yaşayan vətəndaşlarımıza yardım göstərilməsi üçün birgə fəaliyyət planı hazırladığını deyən Nəriman Qurbanov bildirib: “Bu plan çərçivəsində Gürcüstanda soydaşlarımızın yığcam yaşadıqları Kvemo Kartli, Kaxeti, Şida Kartli regionlarına, həmçinin Tbilisi və Rustavi şəhərləri üzrə 1000 ailəyə gündəlik ərzaq məhsullarından ibarət yardım göstəriləcək”.
Onun sözlərinə görə, ilkin olaraq ərzaq yardımı Kvemo Kartli bölgəsində xüsusi karantin rejiminin tətbiq edildiyi Marneuli və Bolnisi bələdiyyələrinə, sonrakı mərhələdə isə adıçəkilən digər regionlar üzrə bölüşdürüləcək.
AZEBİ-nin rəhbəri bildirib ki, Gürcüstanda fəaliyyət göstərən bir sıra Azərbaycan şirkətləri fərdi qaydada da yardımlar göstərib, habelə koronavirus pandemiyası ilə mübarizə məqsədilə Gürcüstan hökuməti tərəfindən yaradılmış “StopCov” fonduna ianə köçürüblər. Azərbaycan şirkətləri tərəfindən bu fonda köçürülən, eləcə də ərzaq yardımları üçün ayrılan vəsaitin həcmi təxminən 1 milyon lari məbləğindədir.
“Bu aksiyanın ölkədə fövqəladə vəziyyət müddətində mərhələli olaraq davam etdirilməsi nəzərdə tutulub”, - deyə, N.Qurbanov vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi