Azərbaycanın hərtərəfli inkişafında gənclərin rolu danılmazdır
Balakən, 2 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikasında gənclərlə iş sahəsinə dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Balakən rayon Gənclər və İdman İdarəsi, Gənclər evi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Zoom” platforması üzərindən keçirilən “Bütöv Vətən - Qalib Gənclər!” adlı onlayn görüşdə səsləndirilib.
Tədbirdə Vətən müharibəsində iştirak etmiş gənclər, beynəlxalq platformada uğur qazanmış idmançılar, eləcə də rayonun fəal gəncləri iştirak ediblər.
Gəncləri əlamətdar bayram münasibətilə təbrik edən rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu vurğulayıb, dövlətin gənclərə qayğısından bəhs edib. Bildirilib ki, Gənclər Günü ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan gənclərinə verilən ən önəmli mirasdır.
Tədbirdə idarənin baş məsləhətçisi Sərxan Hacıyevin 2020-ci ildə rayonda gənclər və idman sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzəsi dinlənilib.
Gənclər evinin direktoru Tale Şahverdiyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Balakən nümayəndəliyinin rəhbəri Şahin Qarakişiyev, rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Turan Dibirov, “ASAN xidmət”in əməkdaşı Həsənxan Həsənxanlı çıxış edərək, Ulu Öndərin və onun layiqli davamçısı Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı imzaladıqları fərman və sərəncamların, qəbul edilən dövlət proqramlarının yeniyetmə və gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar açdığını diqqətə çatdırıblar.
Tədbirin qonaqlarından olan Vətən müharibəsinin qazisi, döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə 5 medalla təltif olunan Əfqan Zaxmayev keçdiyi döyüş yolu barədə danışıb, gənclərin vətənpərvər ruhda tərbiyəsi istiqamətində tövsiyələrini verib.
Tədbirin daha bir qonağı - Olimpiya, dünya, Avropa çempionatlarının mükafatçısı və qalibi, beynəlxalq yarışlarda dəfələrlə bayrağımızı ucaldan Rəsul Çunayev gəncləri əlamətdar gün münasibətilə təbrik edib, onlara hədəflərinə çatmaq üçün daim çalışmalı olduqlarını bildirib.