AZƏRBAYCANIN HÜQUQ SİSTEMİ DEMOKRATİK DƏYƏRLƏRƏ ƏSASLANMAQLA İNKİŞAF EDİR
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanda səfərdə olan Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Jan-Pol Kosta mayın 2-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.
Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə dair tapşırıqlarına əsasən həyata keçirilən kompleks tədbirlər, o cümlədən hakimlərin qərəzsizliyinin və məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi, hüquq institutlarının inkişafı, hakimliyə namizədlərin Avropada ən mütərəqqi üsullarla seçimi barədə qonağa ətraflı məlumat verən nazir, ədalət mühakiməsinin həyata keçirilməsində demokratik dəyərlərin inkişafı üzrə görülən işlərin müsbət nəticələrini diqqətə çatdırmışdır.
Görüşdə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin müstəsna əhəmiyyəti vurğulanaraq, bu məqsədlə silsilə tədris tədbirləri, o cümlədən Avropa Məhkəməsi hakimlərini ölkəmizə dəvət etməklə təlimlərin təşkil olunması, məhkəmənin Azərbaycanla ilə bağlı qərarların hakimlər arasında geniş yayılması qeyd edilmişdir.
Azərbaycanda məhkəmə fəaliyyətinin və hüquq sisteminin Avropa dəyərlərinə uyğunlaşdırılması üzrə qısa müddətdə yüksək nailiyyətlər əldə edildiyini vurğulayan Jan-Pol Kosta, Avropa Məhkəməsinin presedent hüququnun hakimlər tərəfindən mütəşəkkil öyrənilməsindən və tətbiqindən məmnun olduğunu, səfər çərçivəsində özünün də hakimlər və hakimliyə namizədlər qarşısında mühazirə ilə çıxış edəcəyini bildirmişdir.
Sonra qonaq nazirlikdə Ədliyyə Muzeyinə baş çəkmiş, Azərbaycanda ədliyyə və məhkəmə orqanlarının inkişafı tarixi ilə tanış olmuşdur.
######
