Azərbaycanın multikultural irsində İsmayıllı molokanlarının toy mərasimləri
Bakı, 12 iyun, AZƏRTAC
AMEA Folklor İnstitutunun Azsaylı xalqların folkloru şöbəsində elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda şöbənin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Vüsal Səfiyeva “İsmayıllı molokanlarının toy adətləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda yaşayan azsaylı xalqların və etnik qrupların mədəni irsinin öyrənilməsinin əhəmiyyətindən bəhs olunub, müxtəlif etnokonfessional icmaların ölkəmizin tolerantlıq ənənələrinin formalaşmasındakı roluna diqqət çəkilib. Bildirilib ki, molokanlar Şirvan bölgəsində, əsasən İsmayıllı rayonunun İvanovka kəndində yaşayan və öz dini-mədəni kimliyini qoruyub saxlayan etnik qruplardan biridir.
Tədqiqatçı molokanların Rusiyadan Cənubi Qafqaza köçürülməsi, dini dünyagörüşü və məişət xüsusiyyətləri haqqında ətraflı məlumat verib. Bildirilib ki, molokanlar XVIII əsrdə pravoslavlıqdan ayrılmış “mənəvi xristianlar” cərəyanının davamçılarıdır və iki əsrdən artıq müddətdə öz adət-ənənələrini yaşatmağı bacarıblar. Məruzəçi İvanovka kəndinin tarixi, sosial-mədəni həyatı, molokan icmasının təsərrüfat fəaliyyəti və ailə münasibətlərindən də bəhs edib. Vurğulanıb ki, molokanların toy mərasimləri dini inancları və patriarxal həyat tərzi ilə sıx bağlıdır.
Çıxış zamanı toy mərasiminin əsas mərhələləri - gənclərin tanışlığı, elçilik, nişanlanma, başlıq pulu, cehiz hazırlığı, toyqabağı mərasimlər, nikah və toy süfrəsi haqqında geniş məlumat təqdim olunub. Bildirilib ki, toylar əsasən payız və qış aylarında keçirilir, mərasimlərdə dini ayinlər və dualar mühüm yer tutur, spirtli içkilərdən istifadə olunmur, qonaqlara isə ənənəvi yeməklər təqdim edilir.
Məruzədə XIX əsrin sonlarına aid etnoqrafik mənbələrdə, SMOMPK məcmuəsində İvanovka molokanlarının toy adətlərinin ətraflı təsvir olunduğu qeyd edilib. Müasir dövrdə də bu ənənələrin bir çoxunun qorunub saxlanıldığı, bəzi elementlərin isə zamanın tələblərinə uyğun şəkildə dəyişdiyi vurğulanıb.
Sonda İsmayıllı molokanlarının toy adətlərinin Azərbaycanın multikultural və etnomədəni irsinin mühüm tərkib hissəsi olduğu qeyd edilib.
Seminar iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıblar.