Azərbaycanın təbii sərvətləri sırasında “Yaşıl enerji” ehtiyatları xüsusi yer tutur
Bakı, 8 fevral, AZƏRTAC
Ətraf mühitin mühafizəsi, təhlükəsiz və təmiz ekoloji şəraitin yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin başlıca istiqamətidir. Təsadüfi deyil ki, 2010-cu il ölkəmizdə “Ekologiya İli” elan olunmuş, ətraf mühitin mühafizəsi, ekosistemin növ müxtəlifliyinin qorunması və çoxaldılması istiqamətində mühüm ekoloji tədbirlər həyata keçirilmişdi. 2020-ci ildə qazandığımız böyük Zəfərdən sonra yaradılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpa və quruculuğunda “Ağıllı şəhər” (”Ağıllı kənd”, “Ekoloji Təmiz Mühit”) iqtisadi-sosial layihələrinin tətbiq edilməsinə başlanılıb.
Bu ilin noyabr ayında BMT-nin Beynəlxalq İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi mühüm beynəlxalq, ekoloji tədbirlər sırasına daxildir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin baş müəllimi Qismət Yunusoğlu söyləyib. O bildirib ki, təbii sərvətləri ilə zəngin olan Azərbaycan Respublikasının beynəlxalq iqtisadi əlaqələrin və ekoloji sağlam mühit şəbəkəsinin mühüm tərkib hissəsi kimi ekoiqtisadi inteqrasiya sistemində dayanıqlı “Yaşıl zona /Ətraf mühit” konsepsiyasının işlənilməsi (regional və ölkə üzrə ətraf mühitin qorunması baxımından) qarşıda duran başlıca məsələdir. Bu konsepsiyanın işlənilməsi iki istiqamət üzrə nəzərdə tutulur (çünki ölkəmizin gələcəkdə nəinki ixrac resursları sırasında, həm də daxili istehlak bazarında tələb olunan “Yaşıl enerji” ehtiyatlarına tələbat artmaqdadır, 2030-cu ildə bu payın 30 faiz olması nəzərdə tutulub): - bərpaolunan hidro və geotermal enerji ehtiyatları; tükənməyən təbii enerji (Günəş, külək) ehtiyatları.
Hər iki təbii enerji mənbələri milli sərvətlərimiz (ölkəmizin bütün təbii-coğrafi rayonlarında sənaye potensiallı ehtiyatları kifayət qədər yüksəkdir) olmaqla yanaşı, ölkəmizin iqtisadi inkişafının təmin edilməsi və dünya iqtisadiyyatı ilə əlaqələndirilməsi baxımından önəmli olmaqla yanaşı, elmi-nəzəri baxımından tədqiq edilməsi vacib olan sahələrdir. Xüsusilə nəzərə almaq lazımdır ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazilərində hidroenerji və təbii enerji ehtiyatları xeyli dərəcədə zəngin və bərabər paylanmış haldadır, xalq təsərrüfatının bütün sahələrinin “Yaşıl enerji” ilə təminatında xeyli üstünlüyə malik olmaqla, nəzərdə tutulan ixrac payının da yarıdan çoxunu təmin edə bilər. Həmin ehtiyatların elmi-nəzəri baxımdan ətraflı tədqiq edilməsi, etibarlı kadastr bazasının işlənilməsi, yerquruluşu-kadastr xəritələrinin hazırlanması, ekoloji-ətraf mühit sisteminin öyrənilməsi istiqamətində ixtisaslı mütəxəssislərin yetişdirilməsi gələcəkdə bu sahə üzrə tələb olunan kadrların elmi-nəzəri biliklərinin artırılması qarşıda duran əsas vəzifələrdən biridir.