AZƏRBAYCANIN VƏ GÜRCÜSTANIN MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLƏRİ GƏNCƏDƏ GÖRÜŞMÜŞLƏR
İyulun 10-da Azərbaycanın milli təhlükəsizlik naziri, general-polkovnik Namiq Abbasovun dəvəti ilə Gürcüstanın dövlət təhlükəsizlik naziri general-leytenant Valerian Xaburdzaniyanın başçılıq etdiyi nümayəndə heyəti Gəncə şəhərində birgünlük səfərdə olmuşdur. Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan və Gürcüstanın Təhlükəsizlik nazirliklərinin rəhbər heyətlərinin geniş tərkibdə iştirakı ilə keçirilmiş görüşdə nazir N. Abbosov iki ölkə arasındakı strateji əməkdaşlığın təməlinin dövlət başçıları Heydər Əliyev və Eduard Şevardnadze tərəfindən qoyulduğunu qeyd edərək, ölkələrimizin xüsusi xidmətləri arasında tərəfdaşlığın daha da genişlənməsinin vacibliyini vurğulamışdır. Nazir N. Abbasov eyni zamanda, Gürcüstanın və Azərbaycanın milli təhlükəsizlik orqanlarının əməkdaşlığına xüsusi önəm verdiyini, bu sahədə fəaliyyətin davam etdirilməsinə heç bir maneə görmədiyini və hazırkı görüşün tərəfdaşlığın inkişafına xidmət edəcəyinə ümidvar olduğunu bildirmişdir. Gürcüstanın təhlükəsizlik naziri V. Xaburdzaniya dəvətə görə təşəkkürünü bildirmiş və iki ölkə arasında əməkdaşlığın səviyyəsindən məmnun qaldığını ifadə etmişdir. Görüşdə Azərbaycan və Gürcüstan xüsusi xidmət orqanları arasında ikitərəfli əməkdaşlığın, ən başlıcası terrorçuluğa, təcavüzkar separatçılığa və dini ekstremizmə, qaçaqmalçılığa, narkotiklərin qanunsuz dövriyyəsinə, kütləvi qırğın silahlarının yayılmasına, qeyri-qanuni miqrasiya və transmilli mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizədə iş birliyinin daha da möhkəmləndirilməsi və genişləndirilməsi perspektivləri müzakirə edilmişdir. Tərəflər belə görüşlərin Azərbaycanda və Gürcüstanda mütəmadi təşkilinin vacibliyini qeyd etmişlər. Tam qarşılıqlı anlaşma şəraitində keçən görüşün sonunda “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Gürcüstan Dövlət Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Sazişə əlavə Protokol” imzalanmışdır. Tərəflər arasında əməkdaşlığın konkret sahələrinə dair müzakirələrin davam etdirilməsi üçün Milli Təhlükəsizlik Nazirliyinin bir qrup rəhbər əməkdaşı həmin gün Gürcüstan nümayəndə heyəti ilə birlikdə Tbilisi şəhərinə yola düşmüşdür.