Azərbaycanın Zəfər Günü Cənubi Koreyada da qeyd olunub VİDEO
Pekin, 14 noyabr, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə İnçeon şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Diasporla İş üzrə Dövlət Komitəsi və “Buta” Azərbaycan-Koreya Dostluq Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Konsertdən əvvəl çıxış edən Azərbaycanın Koreya Respublikasındakı səfiri Ramin Həsənov bu il 100 illik yubileyi qeyd olunan Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsindən, mürəkkəb tarixi və siyasi sınaqlar fonunda Ulu Öndərin sarsılmaz qətiyyəti və misilsiz xidmətləri ilə ölkəmizi inkişafa doğru aparan liderliyindən danışıb. Diplomat 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi, Ulu Öndərin 100 illik yubileyinin ölkəmizin hüdudlarından kənarda da geniş şəkildə qeyd olunması barədə məlumat verib.
R.Həsənov Ali Baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində 30 illik işğala son qoyduğunu, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini, bu xüsusda, hər il 8 noyabr tarixinin Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunduğunu vurğulayıb.
Səfir İnçeonda keçirilən konserti Koreya ictimaiyyətinin Azərbaycan mədəniyyəti ilə yaxından tanış olması üçün əlverişli imkan kimi dəyərləndirib, Azərbaycan muğamının özəlliyi və onun qlobal səviyyədə təbliği məqsədilə Heydər Əliyev Fondunun həyata keçirdiyi işlər, o cümlədən muğam məktəbləri, müsabiqələri, festivalları, Beynəlxalq Muğam Mərkəzinin fəaliyyəti barədə məlumat verib.
İnçeon şəhərində yerləşən İnha Universitetinin qlobal təhsil layihələri üzrə dekanı Kyunqcin Min çıxışında iki ölkə arasında təhsil və mədəniyyət sahələrində uğurlu əməkdaşlıqdan bəhs edib.
Konsertdə Əməkdar artist Sahib Paşazadənin bədii rəhbərliyi ilə Əməkdar artistlər Toğrul Əsədullayev və Kamran Kərimov, həmçinin Rüstəm Müslümov və Səbinə Ərəblidən ibarət olan ansambl tərəfindən Azərbaycanın muğamından nümunələr ifa edilib.
Konsert proqramından sonra qonaqlar üçün ziyafət verilib.
Tədbirdə İnha Universitetinin rəhbərliyi, müəllim-tələbə heyəti, İnçeon şəhərinin ictimai-siyasi dairələrinin təmsilçiləri və Koreyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin