Azərbaycanlı cərrah məşhur tibb mərkəzində təcrübə artırma proqramında iştirak edib
Bakı, 8 aprel, AZƏRTAC
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) ümumi cərrahı İlqar İsmayılov Cənubi Koreyanın paytaxtı Seulda yerləşən Asan Medical Centerdə keçirilən təlimdə və laparoskopik-robotik mədə cərrahiyyəsində təcrübə artırma proqramında iştirak edərək vətənə dönüb.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, Asiyanın ən möhtəşəm tibb mərkəzi hesab edilən Asan Medical Center 2700 çarpayıya malikdir, 70 əməliyyat otağı və elmi araşdırma laboratoriyaları ilə dünyanın müxtəlif ölkələrindən həmin səhiyyə müəssisəsinə üz tutan ən müasir tibbi xidmət göstərir. Laparoskopik mədə cərrahiyyəsi üzrə dünyada birinciliyini qoruyan həmin mərkəz, eyni zamanda, robotik mədə cərrahiyyəsi təcrübəsi ilə də tanınır.