“Azərbaycanlılar Brest-Litovsk qalasının müdafiəsində” kitabının təqdimatı olub
Bakı, 4 may, AZƏRTAC
Mayın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində ehtiyatda olan polkovnik-leytenant Elmir Şəripovun rus dilində çapdan çıxmış “Azərbaycanlılar Brest-Litovsk qalasının müdafiəsində” kitabının təqdimatı keçirilib.
Kitabın elmi məsləhətçisi professor Nurulla Əliyev, rəyçiləri dosent Mehman Süleymanov və tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovdur.
Təqdimat mərasimində muzeyin direktoru, akademik Nailə Vəlixanlı II Dünya müharibəsində azərbaycanlıların iştirakından, faşist işğalçılarına qarşı döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan danışıb. O, “Azərbaycanlılar Brest-Litovsk qalasının müdafiəsində” kitabının əhəmiyyətini qeyd edib.
Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının professoru, ehtiyatda olan I dərəcəli kapitan Nurulla Əliyev kitabın geniş araşdırmaların bəhrəsi olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, nəşr II Dünya müharibəsində Brest-Litovsk qalasının faşist işğalçılarından müdafiəsində azərbaycanlı döyüşçülərin iştirakına həsr edilib. Səksəndən artıq azərbaycanlı döyüşçünün adının qeyd olunduğu kitabda onların qəhrəmanlıqlarından bəhs olunub.
Nəşrin müəllifi Elmir Şəripov tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.