İQTİSADİYYAT
“AZERCELL” BAKIDA KEÇİRİLƏCƏK “BAKUTEL-2008” SƏRGİSİNİN FƏAL İŞTİRAKÇISI OLACAQDIR
“Azercell Telekom” MMC-dən AZƏRTAC-a bildirmişlər ki, qurum noyabrın 11-dən 14-dək Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində “İteca Caspian” LLC və Böyük Britaniyanın İTE Group PLC şirkətlərinin birgə təşkilatçılığı ilə keçiriləcək “BakuTel-2008” 14-cü Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində fəal iştirak edəcəkdir.
Ziyarətçilər “Azercell”in stendlərində qurumun bazarda tətbiq etdiyi son texnoloji yeniliklər, təklif etdiyi xidmətlərlə əyani şəkildə tanış olmaq imkanı qazanacaqlar. Birinci stenddə şirkətin “Bizi birləşdirən dəyər” adlı yeni korporativ brendi və ən son texnologiyaları öz əksini tapacaq, ikinci stenddə isə korporativ müştərilər üçün nəzərdə tutulmuş xidmətlər barədə məlumatlar veriləcəkdir.
Sərgi çərçivəsində ziyarətçilər, həmçinin şirkətin keçirəcəyi oyunlar zamanı 10 “Swatch” saatı, 20 “Sony Ericsson W 8801” mobil telefonu və 50 “Apple İpod Nano” pleyeri qazanmaq şansı əldə edəcəklər.
“Azercell”də işə düzəlmək istəyənlər sərgi zamanı stendlərin yanında olacaq, şirkətin “İnsan qaynaqları” şöbəsinin əməkdaşları ilə görüşərək onlara öz “CV”-lərini təqdim etmək imkanı da əldə edəcəklər.