AZERCELL TELECOM-UN MƏQSƏDİ RABİTƏ BAZARINDA APARICI ŞİRKƏT OLMAQDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azercell-in baş direktoru Sərdar Canoğulları çıxışında bildirmişdir ki, tədbirin keçirilməsindən məqsəd şirkətin respublikamızda fəaliyyət göstərdiyi səkkiz ildə əldə etdiyi nailiyyətləri, yeni xidmətləri və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulmuş planları ictimaiyyətə çatdırmaqdır. O söyləmişdir ki, 1997-ci ildən bu günədək 1 milyon 200 min rəsmi abonenti olan Azercell Azərbaycanda mobil rabitə bazarının 86 faizini təşkil edir. Hazırda şirkətin abonentləri 202 operatorla bağlanılmış rouminq şazişinin köməyi ilə dünyanın 91 ölkəsində mobil rabitədən istifadə edə bilirlər. Cari ilin ötən doqquz ayında şirkət mobil rabitənin inkişafı üçün 46 milyon 502 min ABŞ dolları məbləğində sərmayə yatırmış, dövlətə 40 milyon dollardan çox vergi ödəmişdir.
Natiq vurğulamışdır ki, qarşıdakı beş ildə Azercell-in əsas məqsədi müştərilərin bütün ehtiyaclarını ödəyəcək rabitə şirkəti olmaq, keyfiyyətli şəbəkə xidməti göstərməkdir. Şirkət öz xeyriyyəçilik və sponsorluq işlərini də davam etdirəcək və Azərbaycan rabitəsində öz layiqli yerini qoruyub saxlayacaqdır.
Sonra S.Canoğulları yeni, güzəştli tarif paketini və müasir PPT texnologiyasını təqdim etmiş, onun üstünlüklərindən danışmışdır.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov respublikamızın telekommunikasiya bazarında Azercell-in xüsusi yerindən, telekommunikasiya sahəsinə verdiyi töhfələrdən danışmış, nazirliklə birlikdə fəaliyyətindən razı qaldığını bildirmişdir. Tariflərin aşağı salınması ilə bağlı son yenilikləri alqışlayan nazir söyləmişdir ki, şirkət bu gün həm cəmiyyətin, həm də hökumətin tələblərini ödəyir, mobil rabitədə liderliyini layiqincə qoruyur.
Sonda KİV nümayəndələrini maraqlandıran suallara cavab verilmişdir.