“AZERCELL TELECOM”UN RƏHBƏRLİYİ DƏYİŞMİŞDİR
BU İL QURUMA 95 MİLYON ABŞ DOLLARI SƏRMAYƏ QOYULACAQDIR
Bildirilmişdir ki, Abdulla Halim Ateş müəssisəyə yeni müdir təyin olunmuşdur. Sabiq baş müdir Serdar Canoğulları öz fəaliyyətini Qazaxıstanda davam etdirəcəkdir.
Serdar Canoğulları “Azercell”in fəaliyyəti barədə məlumat vermiş, operatorun son illər böyük nailiyyətlər əldə etdiyini, müəssisənin abonentlərinin sayının 912 137 nəfərdən 1 813 979 nəfərə çatdığını bildirmişdir.
“Fintur Holdinq”in prezidenti Erdal Durukan qurumun Azərbaycanda, Qazaxıstanda, Gürcüstanda və Moldovada təsis etdiyi mobil operatorlarına ümumilikdə 1,2 milyard ABŞ dolları məbləğində sərmayə yatırıldığını, Azərbaycanın Qazaxıstandan sonra ən çox sərmayə sərf edilən ölkə olduğunu qeyd etmişdir. O, “Azercell Telecom”un fəaliyyətini yüksək qiymətləndirmiş, 10 illik fəaliyyəti dövründə müəssisənin ölkəmizin rabitə bölməsinə 427 812 873 ABŞ dolları sərmayə sərf etdiyini, bu müddət ərzində 258 731 212 ABŞ dolları məbləğində vergi ödədiyini xatırlatmışdır. E.Durukanın sözlərinə görə, bu ilin sonunadək “Azercell Telecom”a 95 milyon ABŞ dolları sərmayə sərf ediləcəyi, abunəçilərin sayının 2 200 minə çatdırılacağı nəzərdə tutulmuşdur.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov “Azercell Telecom”un ölkəmizdə ən yeni texnologiyaların tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərdən danışmışdır.
“Azercell Telecom” BM-nin baş müdiri A.Halim Ateş müəssisənin yeni və sağlam rəqabət şəraitində də öz liderliyini qoruyub saxlayacağına çalışacağını vəd etmişdir.