“Azəriqaz” növbəti “Açıq mikrofon” aksiyasını Ucar rayonunda təşkil edib
Bakı, 22 fevral, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyinin (İB) bölgələrdə təşkil etdiyi “Səyyar qəbul otağı”nın növbəti ünvanı Ucar rayonu olub.
AZƏRTAC xəbər verir ki, İB-nin Ağsu Rayon Qaz İstismar İdarəsinin (RQİİ) baş mühəndisi Zaur Məmmədov “Açıq mikrofon” aksiyası çərçivəsində rayon sakinləri tərəfindən ünvanlanan müraciətləri dinləyib. Aybəniz Qəhrəmanova əməkdaşı olduğu Heydər Əliyev Mərkəzinin sayğacla təmin olunmasını istəyib. Rafiq və Vaqif Əhmədovların müraciəti isə küçə qaz xəttinin çəkilişi, həmçinin fərdi yaşayış evinin qazlaşdırılmasından ibarət olub.
Vətəndaşlara məlumat verilib ki, “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir.
“Azəriqaz” İB-nin Ağsu RQİİ-nin baş mühəndisi səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini bildirib.