AZƏRTAC-DA GÖRÜŞ
Mayın 6-da AZƏRTAC-da Türkiyə Respublikasının ölkəmizdəki səfiri Hulusi Kılıç ilə görüş olmuşdur.
AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov hörmətli qonağa agentliyin fəaliyyəti, qardaş Türkiyənin Anadolu Agentliyi ilə sıx qarşılıqlı əlaqələri, ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyi (TKA) Baş Məclisinin aprelin 30-u - mayın 2-də Bakıda keçirilmiş və rəsmi açılışında səfirin də iştirak etdiyi VII iclası barədə məlumat vermişdir. Bildirilmişdir ki, işgüzar şəraitdə keçən iclasda türkdilli ölkələr və xalqlar arasında əlaqələrin genişləndirilməsində xəbər agentliklərinin əməkdaşlığının roluna dair ətraflı fikir mübadiləsi aparılmış, faydalı təkliflər səslənmişdir. Bütün bunlar qəbul olunmuş yekun sənədində öz əksini tapmışdır. İclasın qərarı ilə təşkilat Türkdilli Xəbər Agentlikləri Birliyi adlandırılmış, “Tatar-inform”, “Başinform” və “Krım Xəbərləri” agentlikləri quruma üzv qəbul edilmişdir.
Ətraflı məlumata görə təşəkkür edən səfir Hulusi Kılıç Anadolu Agentliyi ilə AZƏRTAC arasında sıx əməkdaşlığın olmasından məmnunluğunu söyləmiş, bunun qardaş ölkələrimizin əlaqələrinin inkişafına kömək edəcəyini bildirmişdir. TKA Baş Məclisinin Bakıda keçirilən iclasının yekunlarını, o cümlədən təşkilata yeni üzvlərin qəbul edilməsini yüksək dəyərləndirən diplomat dost və qardaş ölkələrin, xalqların bir-birinin həyatı barədə daha geniş məlumat ala bilməsi, türk dünyası haqqında xəbərlərin dünyada yayılması baxımından TKA-nın fəaliyyətinin genişləndirilməsinin faydalı olacağını vurğulamışdır. Cənab Hulusi Kılıç demişdir ki, AZƏRTAC-ın təşkilata sədrliyi dövründə səfirlik də mümkün olan köməyi göstərməyə hazırdır.
######
