AzərTAc SON İLLƏRDƏ BÖLGƏNİN QABAQCIL İNFORMASİYA AGENTLİYİNƏ ÇEVRİLMİŞDİR
Azərbaycan Respublikası inkişaf etdikcə onun müvafiq informasiya strukturları da inkişaf edir. AZƏRTAC son 2-3 ildə nəinki Azərbaycanın, eyni zamanda bölgənin qabaqcıl informasiya agentliklərindən birinə çevrilmişdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri aprelin 30-da Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyi Baş Məclisinin “Türkdilli ölkələrin əlaqələrinin inkişafında xəbər agentliklərinin əməkdaşlığının rolu” mövzusunda Bakıda keçirilən VII iclası ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən söyləmişdir.
Ə.Həsənov demişdir ki, AZƏRTAC-ın Azərbaycan və bölgə ilə bağlı dörd dildə yayılan xəbərlərindən dünyanın istənilən ölkəsində istifadə olunur. Bu da agentliyin nüfuzunun artdığını göstərir. AZƏRTAC bu yaxınlarda Avropa Xəbər Agentlikləri Alyansına (EANA), ondan əvvəl isə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv qəbul edilmişdir. Agentlik eyni zamanda Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyinin (TKA) üzvüdür.
TKA-nın növbəti toplantısının ilk dəfə Bakıda keçirilməsi həm Azərbaycanın, həm də AZƏRTAC-ın özünün türkdilli ölkələr arasında, habelə dünya informasiya agentlikləri arasında nüfuzunun artdığını göstərir. İclasda ölkəmizdə gedən proseslər haqqında məlumat veriləcək, eyni zamanda agentliklərin əlaqələrinin genişləndirilməsinə dair geniş müzakirələr aparılacaqdır.
Şöbə müdiri demişdir ki, Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın hərbi təcavüzü, qaçqın və məcburi köçkünlərin problemləri, habelə bölgənin lider dövləti kimi ölkəmizin təşəbbüsü ilə həyata keçirilən transmilli layihələr haqqında məlumatların türkdilli ölkələrin informasiya agentlikləri vasitəsi ilə dünyaya çatdırılmasını istəyir. TKA-nın Bakıda keçirilən iclasında da bu məsələlər qeyd olunacaq və qarşılıqlı fəaliyyətin istiqamətləri müəyyənləşdiriləcəkdir.
Əli Həsənov bildirmişdir ki, türkdilli dövlətlərin informasiya agentliklərinin bir-birinə dəstək verməsi, bir-birinin imkanlarından istifadə etməsi çox faydalı olardı.
######
