AzGF-nun rəsmisi: Gələn ay Azərbaycan Gənclər Fondu rəqəmsallaşmaya dair qrant elan edəcək
Bakı, 11 iyun, AZƏRTAC
Növbəti aylarda Azərbaycan Gənclər Fondu rəqəmsallaşmaya dair qrantlar elan edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Gənclər Fondunun (AzGF) icraçı direktor vəzifəsini icra edən Qәdir Xәlilov iyunun 11-də Bakı Konqres Mərkəzində keçirilən “Üfüqlәri aşaraq: Dayanıqlı Kosmos, Dayanıqlı Yer” mövzusunda tədbirdə deyib.
"Hazırda dünyada süni intellekt və rəqəmsallaşma prosesi çox sürətlə inkişaf edir. Biz bundan kənarda qala bilməzdik. Azərbaycan Gənclər Fondu olaraq rəqəmsallaşma alətlərini inkişaf etdiririk. Gələn aylarda rəqəmsallaşmaya dair qrantlarımız olacaq. Bu həm fərdi, həm də komanda və ya təşkilatlar üçün nəzərdə tutulub", - deyə Qədir Xəlilov bildirib.
Azərbaycanda gənclər siyasətinin uğurlu inkişafından bəhs edən Q.Xəlilov deyib: “Azərbaycanda ölkə başçısının dəstəyi və diqqəti nəticəsində gənclər üçün çox gözəl şərait yaradılır, onların inkişaf etməsi üçün bütün imkanlar mövcuddur. Hazırda gənclərimiz beynəlxalq səviyyədə ölkəmizi təmsil edir, yüksək nəticələr əldə edirlər. Bunun davamı olaraq, biz də gənclər üçün müxtəlif tədbirlər keçirməyi planlaşdırırıq. Belə ki, növbəti aylarda Azərbaycan Gənclər Fondunun və "Azərkosmos"un təşkilatçılığı ilə regiona səfərlər, gənclər üçün düşərgələr və digər tədbirlər təşkil olunacaq", - deyə Q.Xəlilov əlavə edib.