AzMİU-da əlaçı və zərbəçi tələbələr mükafatlandırılıb
Bakı, 2 aprel, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova bakalavr və magistr səviyyələrində 2018-2019-cu tədris ilinin payız semestrini uğurla başa vuran əlaçı və zərbəçi tələbələrlə görüşüb.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, payız semestrində uğur qazanan tələbələri təbrik edən rektor Gülçöhrə Məmmədova universitetdə tədrisin və təhsilin keyfiyyətini artırmaq məqsədilə görülən işlərdən, aparılan islahatlardan danışıb, tələbələrin motivasiyasını artırmaq üçün belə tədbirlərin davamlı olacağını bildirib. Qeyd edib ki, əlaçı tələbələrə fəxri fərmanlar təqdim etməklə yanaşı, onların ailələrinə, valideynlərinə də təşəkkür məktubu göndəriləcək. Eyni zamanda, əlaçı tələbələrin hər birinə 150 manat, zərbəçilərə isə 100 manat məbləğində pul mükafatları veriləcək.
Daha sonra tələbələrə fəxri fərman və diplomlar verilib.
Qeyd edək ki, payız semestrində AzMİU-da bakalavr və magistr səviyyəsi üzrə əlaçı tələbələrin sayı 30, zərbəçilərin sayı isə 25 olub.