AzMİU tələbələri texnologiya yarışmasında uğur qazandılar
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universiteti İnnovativ biznes inkubator şöbəsinin tələbələri Bakı şəhərində keçirilən “GameTech Bootcamp”də I yerə layiq görülüblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Nizami Kino Mərkəzində keçirilən “bootcamp”da AzMİU-nun Dizayn fakültəsinin tələbəsi Aysel Qasımova, Mexanika və informasiya texnologiyaları fakültəsinin tələbəsi Rəşid Dursunovun təmsil etdiyi “TinyTamers” komandası qalib olub.
Komanda müsabiqə çərçivəsində azyaşlı uşaqlar üçün süni intellekt və oyun texnologiyalarını birləşdirən “AI Pets for Kids” layihəsini təqdim edib. Layihə uşaqların texnologiyadan daha faydalı və interaktiv şəkildə istifadəsinə, yaradıcılıq və rəqəmsal bacarıqlarının inkişafına yönəlib. “Bootcamp”də AzMİU MİT fakültəsinin digər tələbələri, universitetin əməkdaşları da müxtəlif komandaların tərkibində fəal iştirak edərək layihələrin hazırlanması, komanda işi və innovativ ideyaların təqdim olunması prosesinə töhfə veriblər.
Qeyd edək ki, AzMİU tələbələrinin innovasiya və texnologiyayönümlü proqramlarda əldə etdikləri bu uğur onların müasir texnologiyalara olan marağının, yaradıcılıq potensialının və praktiki bacarıqlarının göstəricisidir.