REGİONLAR
Babək rayonunda yeni sosial obyektlər tikilir
Babək, 8 may, AZƏRTAC
Muxtar respublikanın hər bölgəsində olduğu kimi, Babək rayonunda da hər il tikinti-quruculuq işləri aparılır, insanların rahatlığı təmin olunur və kənd yaşayış məntəqələrində görülən işlər kəndlə şəhər arasındakı fərqi minimuma endirir. Cari ildə rayonun kiçik kəndlərindən olan Nəcəfəlidizədə yeni sosial obyektlər inşa olunur, Babək qəsəbəsində isə bazar tikilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Nəcəfəlidizə kəndində üçmərtəbəli məktəb binası, bir neçə dövlət qurumunun yerləşəcəyi kənd mərkəzi, 200-dən çox sakinin istifadə edə biləcəyi xidmət mərkəzi inşa olunur. Kəndin qaz, rabitə və elektrik xətləri də dəyişdirilir, yol yenidən qurulur, körpü genişləndirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsi tərəfindən Babək qəsəbəsində müasir layihə əsasında bazar kompleksi də inşa olunur. Burada ərzaq və telefon mağazaları, qadın və kişi dərzisi, bərbəri, baytarlıq apteki, təsərrüfat malları üçün mağaza, sahibkarlar üçün yeməkxana otağı yaradılacaq.
Bundan başqa, kənd təsərrüfatı məhsullarının yarmarkasını təşkil etmək üçün həyətdə açıq bazar da inşa olunacaq. Bütün bunlar imkan verəcək ki, Babək qəsəbəsi və ətraf kəndlərin sakinləri ərzaq məhsullarına olan gündəlik tələbatlarını uzaq məsafə qət olunmadan həll edə bilsinlər.