Babək Salek Qənnadi: Diabet xəstələri üçün pəhriz individual təyin edilməlidir
Bakı, 10 avqust, AZƏRTAC
Şəkərli diabet insulin ifrazının və insulin təsirinin pozulması nəticəsində meydana çıxan hiperqlisemiya (qan şəkərinin yüksəlməsi) ilə müşayiət olunan xroniki metabolik xəstəlikdir. Şəkərli diabetin müxtəlif simptom fərqliliklərinə görə birinci və ikinci tipləri fərqlənir. Endokrinoloq pəhriz menyusu yazarkən xəstənin birinci tip, yoxsa ikinci tip şəkərli diabetdən əziyyət çəkdiyini müəyyənləşdirir və pəhrizi təyin edir. Yayda meyvələr bol olduğu üçün xəstələr isti aylarda daha ehtiyatlı olmalıdırlar.
Bunu AZƏRTAC-a açıqlamasında Səhiyyə Nazirliyinin baş endokrinoloqu Babək Salek Qənnadi deyib.
Baş endokrinoloq bildirib ki, ümumiyyətlə, şəkərli diabet xəstəsi həkimin təyin etdiyi pəhrizə riayət etməlidir: “Yayda meyvə boldur, qarpız, yemiş fəslidir. Ona görə də xəstələr təndir çörəyi ilə para qarpız yeyir, sonra da deyirlər ki, şəkərim qalxır. Yayda xəstələr yalnız yarım, ya da maksimum bir dilim qarpız yeyə bilərlər. Diabet xəstələri kalorili yeməkləri - ağ çörəyi, yayda isə xüsusilə dondurmanı nisbətən azaltmalıdırlar. Yayda qışa hazırlıq üçün çoxlu mürəbbə bişirilir. Odur ki, xəstələr nəfislərini qorumalı, zərərli qidalardan çəkinməlidirlər”.
B.S.Qənnadinin dediyinə görə, şəkərli diabet üçün pəhriz təyin edilərkən, həmçinin yaş faktoru da nəzərə alınır: “Uşaqlar və böyüklərdə pəhriz eyni olmur. Karbohidrat, piy və zülal yaşdan asılı olaraq fərqli miqdarda təyin edilir. Uşaq və ya yeniyetmələr vaxtaşırı endokrinoloq nəzarəti altında olmalıdır, çünki onların pəhrizi müəyyən dövrdən sonra dəyişir. Respublika Endokrinoloji Mərkəzin endokrinoloqları uşaqlara sutkada neçə dilim çörək yeməli olduqlarını, pəhrizə riayət qaydalarını və hətta insulinin hesablanmasını izah edirlər. Hər bir şəkər xəstəsinə pəhriz individual təyin olunmalıdır”.