Badmintonçularımız İranın Şiraz şəhərində keçirilən turnirdə çıxışlarını başa vurublar
Bakı, 11 fevral, AZƏRTAC
Badminton üzrə milli komandamızın üzvləri İran İslam Respublikasının Şiraz şəhərində keçirilən “30th Iran Fajr International Challenge 2022” turnirində çıxışlarını başa vurublar.
Azərbaycan Badminton Federasiyasından AZƏRTAC-a bildiriblər ki, kişi badmintonçuların şəxsi yarışında Edi Reski Dviçayo turnirin 1/4 finalına kimi irəliləməyi bacarıb. 1/32 və 1/16 finalda yerli badmintonçulara qalib gələn Edi ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Georgi Karpovu (Rusiya) hər iki setdə üstələməyi bacarıb - 22-20, 21-10. Badmintonçumuz bürünc medal uğrunda keçirilən görüşdə Bernardo Atilanoya (Portuqaliya) 0:2 (19-21,16-21) hesabı ilə uduzub.
İlk görüşündə iranlı Sorouş Freydouniyə 2:0 (21-11,21-12) qalib gələn Orxan Qələndərov 1/16 finalda hindistanlı Yeligar Abhişekə 0:2 (10-21,14-21) hesabı ilə məğlub olub. Ezmi Qovimuramadhoni isə ilk görüşündə iranlı Səid Babayaniyə 1:2 (20-22,15-21,22-20) hesabı ilə uduzub.
Qadın badmintonçuların şəxsi yarışında Era Maftuha 1/4 finalda mübarizəni dayandırıb. 1/32 finalda rəqibi korta çıxmadığından birbaşa 1/16 finala yüksələn Era burada Məryəm Soltanini (İran) mübarizədən kənarlaşdırıb - 2:0 (21-19,21-14). Badmintonçumuz növbəti görüşündə hindistanlı Neeluri Preranadan üstün olub - 2:0 (21-13,21-13). Era bürünc medal uğrunda keçirilən görüşdə Medha Şaşidharana (Hindistan) 0:2 (16-21,13-21) hesabı ilə uduzub.
Kişi badmintonçuların qoşa yarışında Edi Reski Dviçayo-Ezmi Qovimuramadhoni tandemi 1/8 finalda Məcid Fauzan-Ranialdu Mahardika (İndoneziya) qoşasına 1:2 (16-21,21-16,15-21) hesabı ilə uduzub.