BAEA-NIN NÜVƏ LABORATORİYASINDA QƏZA BAŞ VERMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, avqustun 3-də Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Zaybersdorf qəsəbəsində yerləşən nüvə laboratoriyasında (Radionuklidlərin Beynəlxalq Monitorinq Mərkəzi) qəza baş vermişdir. Xaricdən monitorinq üçün gətirilmiş nüvə materiallarının partlaması nəticəsində laboratoriyaların birində plutonium sızmışdır. Hadisə qeyri-iş günündə baş verdiyindən hadisə yerində heç kəs olmamış, ekologiya və insanlara zərər dəyməmişdir.
Hadisə baş verən kimi laboratoriyanın həyəcan siqnalı sistemi işə düşmüş və həmin ərazidəki bütün otaqlar möhürlənmişdir. Yaxın günlərdə Avstriya Federal Kənd Təsərrüfatı və Ekologiya Nazirliyi BAEA ekspertləri ilə birgə hadisənin səbəblərinin araşdırılması və nəticələrin aradan qaldırılması ilə məşğul olacaqlar.
Ötən əsrin 60-cı illərində yaradılmış mərkəzdəki avadanlıq və təhlükəsizlik sisteminin müasir tələblərə cavab verməməsi dəfələrlə qeyd edilmişdir. BAEA-nın baş direktoru Məhəmməd əl-Baradei hələ ötən il təşkilata üzv ölkələri mərkəzin müasirləşdirilməsi və yeni avadanlıqlarla təhciz edilməsi üçün tələb olunan 27,2 milyon avro vəsait ayırmağa çağırmışdır.
Zaybersdorf laboratoriyalarında mülki məqsədlər üçün (tibb, enerji hasilatı, kənd təsərrüfatı və müxtəlif istehsalat sahələri) nüvə texnologiyaları ilə bağlı tədqiqatlar, eləcə də müxtəlif ölkələrdən gətirilmiş nüvə materiallarının monitorinqi həyata keçirilir.