İQTİSADİYYAT
Bağdad-Bakı-Bağdad marşrutu üzrə ilk aviareys həyata keçirilib VİDEO
Bakı, 22 sentyabr, Elvin Camalov, AZƏRTAC
“İraq Hava Yolları” aviaşirkəti sentyabrın 22-də Bağdad-Bakı-Bağdad marşrutu üzrə ilk birbaşa aviareys həyata keçirib.
AZƏRTAC xəbər verir ki, Boeing-773 təyyarəsi ilə həyata keçirilən ilk aviareyslə 157 sərnişin gəlib. Təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında təntənəli surətdə qarşılanıb.
İraqın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Heydər Şiya Əl-Barrak jurnalistlərə açıqlama verərək bildirib ki, İraqdan Azərbaycana açılan birbaşa aviareys bu iki dövlət arasındakı dostluq və uğurlu münasibətin göstəricisidir. Bu aviareysin açılması iki dövlət arasında mövcud siyasi və iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə səbəb olacaq. O, istər İraq, istər Azərbaycan vətəndaşlarının yeni açılmış aviareyslə turistik səfərlər edəcəyinə ümidvar olduğunu bildirib. Diplomat bu işdə əsas səbəbkar kimi “Azərbaycan Hava Yolları”na (AZAL) öz təşəkkürünü bildirib.
Daha sonra “İraq Hava Yolları”nın baş direktoru Üsama Əl Sədr öz sevincini ifadə edərək Azərbaycanda olmağından məmnunluğunu bildirib. O buna görə İraq Respublikasının nəqliyyat nazirinə və “Azərbaycan Hava Yolları”na dərin təşəkkürünü söyləyib, yeni açılan aviareyslə Bağdadda olan ziyarətgahlara, mərasimlərə Azərbaycan vətəndaşlarının rahat gediş-gəlişinin təmin ediləcəyini bildirib. Baş direktor həmçinin məlumat verib ki, ilk 4 reysə iki istiqamət üzrə biletin qiyməti 250 dollar, daha sonra isə 430 dollar məbləğində olacaq. Uçuş müddəti 2 saat 10 dəqiqədir.
Üsama Əl Sədr, həmçinin məlumat verib ki gələcəkdə İraqın Nəcəf şəhəri ilə Bakı arasında da hava uçuşları həyata keçiriləcək.