İDMAN
“Bakı-2015”-in növbəti qızıl medalına ispaniyalı oxatan sahib çıxıb
Bakı, 22 iyun, Ceyhun Rüstəmov, AZƏRTAC
İyunun 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda birinci Avropa Oyunları çərçivəsində keçirilən kişi oxatanların fərdi mübarizəsinin qalibi məlum olub.
AZƏRTAC xəbər verir ki, 1/32 mərhələdən mübarizəyə qoşulan avropalı oxatanların yarışının finalında ispaniyalı Miquel Qarsia Alvarino qızıl medal qazanıb. O, rəqibi Niderland təmsilçisi Sjef Van Den Berqə 7:1 hesabı ilə qalib gəlib. Sjef Van Den Berq isə gümüş medala yiyələnib.
Üçüncü yer uğrunda yarışda belaruslu Anton Prilepov Polşa təmsilçisi Slavomir Naploszekə qalib gələrək bürünc medala sahib çıxıb - 7:3.
Mükafatlandırma mərasimində medalları Avropa Oxatma Federasiyasının prezidenti Mario Scarzella və baş katib xanım Marinella Pisciotti təqdim ediblər.