Bakı Ali Neft Məktəbi Poltava Milli Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir
Bakı, 19 aprel, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Ukraynanın Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin (PMTU) rektoru, professor Vladimir Onişenko və bu təhsil müəssisəsinin prorektoru Svetlana Sivitskaya ilə görüşüb.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, görüş iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyıb. E.Qasımov qonaqlara BANM-in fəaliyyəti, inkişafı və uğurları haqqında məlumat verib, ali məktəbin Ukraynanın ən aparıcı universitetlərindən biri ilə əməkdaşlığından məmnunluğunu bildirib.
Görüşdə keçən il BANM və PMTU arasında imzalanmış əməkdaşlıq haqqında anlaşma memorandumunun reallaşdırılması istiqamətində görülən işlər və müxtəlif sahələr üzrə yüksəkixtisaslı mühəndis mütəxəssislərin hazırlanması ilə bağlı məsələlər müzakirə edilib. Həmçinin gələcək mühəndislər üçün təlim proqramlarının keyfiyyətinin yaxşılaşdırılması və ən müasir mühəndislik problemlərini həll edəcək yeni nəsil texniki mütəxəssislərin hazırlanması, hər iki universitetin müəllimlərinin peşə səviyyələrinin artırılması və onların elmi potensiallarının gücləndirilməsi üçün digər addımların atılmasının vacibliyi vurğulanıb.
Sonda tərəflər arasında müzakirə olunan məsələlər üzrə fəaliyyət planı və atılacaq addımlar barədə razılıq əldə edilib.