Bakı Ali Neft Məktəbində Layihə İdarəetmə Məktəbinin məzun günü keçirilib
Bakı, 3 may, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (“STRATEX”) şirkətinin birgə təşkilatçılığı ilə Layihə İdarəetmə Məktəbinin (SPM) məzun günü keçirildi.
Ali Neft Məktəbindən AZƏRTAC-a bildirilib ki, təlim proqramı ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramına əsaslanıb.
Tədbirdə SOCAR və BP şirkətlərinin rəhbər şəxsləri və digər qonaqlar iştirak ediblər. Layihə İdarəetmə Məktəbini bu dəfə 13 müəssisənin 46 mütəxəssisi bitirib. Məzunlar arasında SOCAR, BP, BANM, “Azərsu” ASC, “Azəriqaz” İB, “Cənub Qaz Dəhlizi” QSC, “SOCAR Waste Management Complex” MMC, KCADeutag, AKELİK Group ASC, AzərTürk Bank, AzerTelecom LLC, Expro Eurasia və Prokon LLC kimi şirkətlərin rəhbər işçiləri və məsul əməkdaşları var.
Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Layihə İdarəetmə Məktəbinin məzunlarını proqramı uğurla başa vurmaları münasibətilə təbrik edib. Bildirib ki, üçüncü ildir BANM-də reallaşdırılan Layihə İdarəetmə Məktəbinin məzunlarından bir çoxu proqramı bitirdikdən sonra karyeralarında mühüm irəliləyiş əldə ediblər.
Tədbirdə çıxış edən “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov bildirib ki, məzunların burada qazandıqları bilik və bacarıqlar gələcək karyera yüksəlişində əhəmiyyətli rol oynayacaq.
“BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Layihə İdarəetmə Məktəbinin məzunların professional karyeralarına böyük töhfə olduğunu və burada əldə etdikləri yeni biliklərin peşəkarlıqlarının yüksəlməsinə praktik töhfələr verəcəyini bildirib.
Tədbirdə çıxış edən SOCAR-ın insan resursları departamentinin rəisi Asif Bəkirli deyib ki, BANM-in beynəlxalq tədris proqramları əsasında həyata keçirdiyi təlim proqramlarını hər zaman faydalı hesab edib. BANM-in Layihə İdarəetmə Məktəbinin təlim proqramında SOCAR-ın 80-ə yaxın əməkdaşı iştirak edib. Asif Bəkirli məzunlara uğurlar arzulayıb və onların qazandıqları yeni biliklərin faydalı olacağını bildirib.
Heriot-Vatt Universitetinin professoru Qrem Vayt təmsil etdiyi ali məktəbin BANM ilə əməkdaşlığından danışaraq, onun ən etibarlı tərəfdaşlarından biri olduğunu vurğulayıb. SPM-in çox maraqlı layihə olduğunu qeyd edən professor gələcəkdə belə faydalı layihənin davamlı olacağının əhəmiyyətindən danışıb.
Çıxış edən məzunlar təlim müddətində yaradılan şəraitə görə BANM-in kollektivinə, eləcə də təşkilatçılara və müəllimlərə təşəkkürlərini bildiriblər.
Sonda məzunlara ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatları təqdim edilib.
Dövlət və özəl sektorda fəaliyyət göstərən şirkətlər Layihələri İdarəetmə Məktəbinə böyük maraq göstərərək, öz əməkdaşlarının ixtisasartırması üçün onların bu layihədə iştirakına üstünlük verir.
Məktəbdə Layihələrin İdarə olunmasının 7 modulu üzrə ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramı əsasında təlim keçirilir. Həmin modullara layihələrin idarə edilməsi, layihəyə rəhbərlik, idarəetmə və kommunikasiya, risklərin idarə edilməsi, planlaşdırma və xərclərə nəzarət, layihə menecerləri üçün keyfiyyət, layihənin idarə edilməsinin tətbiqi mexanizmləri, layihələri idarəetmə mütəxəssisi (PMP) imtahanına hazırlıq, layihə menecerləri üçün danışıqların aparılması bacarıqları kursları daxildir.