BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 1 milyon 433 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4916 manata bərabər olmuşdur. Təkliflərin həcmi 1 milyon 236 min dollar və tələbin həcmi 1 milyon 433 min dollar olduğu şəraitdə manatın məzənnəsi 2 bənd aşağı düşmüş və 1 ABŞ dolları üçün 4918 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4918 manat həddində idi. USDAZM T+0 aləti üzrə BEST-də 500 min dollara bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 2 milyard 459 milyon təşkil edir.
BEST-də USD/AZM T+1 və T+2 aləti üzrə dilerlər tərəfindən tələb olmadığından əqdlər bağlanmamışdır.
BEST-də RUR/AZM TOM aləti üzrə 1 RUR üçün 165,77 manat məzənnə ilə üst-üstə 1 milyon 360 min rubl məbləğində əqd bağlanmışdır.
BEST-də AVR/AZM aləti üzrə banklar sifariş verməmişlər.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında ümumən 3 milyard 167 milyon manat məbləğində kreditlər cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Noyabrın 27-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.