İDMAN
Bakı Böyük Dəbilqə turniri: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib



Bakı, 21 sentyabr, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş Bakı Böyük Dəbilqə turnirinin püşkatması olub.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Beynəlxalq Cüdo Federasiyası (BCF), Azərbaycan Cüdo Federasiyası (ACF) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin (GİN) rəsmiləri iştirak ediblər.
Beynəlxalq Cüdo Federasiyasının baş direktoru Vlad Marinesku turnirdə 61 ölkədən 447 idmançının “Paris-2024” Oyunlarına vəsiqə qazanmaq üçün mübarizə aparacağını bildirib. Qeyd edib ki, cüdo dəyərlərə əsaslanan idman növüdür və bu həftə biz birgə dostluq, sülh və birlik dəyərlərinin nümayişini izləyəcəyik. V.Marinesku Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerin adından bütün idmançılara uğurlar arzu edib.
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov isə bildirib ki, turnir Azərbaycanda idmanın inkişafında mühüm rol oynayan Ümummilli Lider Heydər Əliyevin yubileyinə həsr olunub və bu da onun irsinin təbliğ olunmasının bariz nümunəsidir. Elnur Məmmədov turnirin yüksək səviyyədə keçəcəyini əminliklə vurğulayıb.
ACF-nın baş katibi Rəşad Rəsullu Bakı Böyük Dəbilqə yarışının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmasını qürurverici hal kimi qiymətləndirib. O, “Paris-2024” Olimpiya Oyunları ərəfəsində Bakı Böyük Dəbilqə turnirinin idmançılara reytinq xalı toplamaq üçün əla imkan yaratdığını bildirib.
Çıxışlardan sonra püşkatma mərasiminə start verilib.