Bakı Dövlət Universiteti ilə Rumıniya universitetləri arasında əməkdaşlığa dair Anlaşma memorandumları imzalanmışdır
Bakı, 30 oktyabr (AZƏRTAC). Oktyabrın 30-da Rumıniyanın Danibius Universitetinin rektoru Endü Puşka və Buxarest İqtisadi Tədqiqatlar Universitetinin rektoru Pavel Nastafe Bakı Dövlət Universitetində (BDU) olmuşlar.
AZƏRTAC xəbər verir ki, görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov oktyabrın 31-də öz işinə başlayacaq III Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini vurğulamışdır. Xatırlatmışdır ki, Forumda dünyanın ayrı-ayrı ölkələrindən olan tanınmış ictimai-siyasi xadimlər, siyasətçilər, ali məktəb rektorları, o cümlədən 15 Nobel mükafatçısı iştirak edəcəklər.
Azərbaycan-Rumıniya əlaqələrinin, o cümlədən təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edən rektor BDU-nun Rumıniya universitetləri arasında münasibətlərin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırmışdır.
Akademik A.Məhərrəmov BDU-da təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən bəhs etmişdir.
Görüşdən məmnun qaldıqlarını vurğulayan Danibius Universitetinin rektoru Endü Puşka və Buxarest İqtisadi Tədqiqatlar Universitetinin rektoru Pavel Nastafe rəhbərlik etdikləri ali təhsil müəssisələrinin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat vermişlər.
Sonra Bakı Dövlət Universiteti ilə Rumıniyanın Danibius və Buxarest İqtisadi Tədqiqatlar universitetləri arasında əməkdaşlığa dair Anlaşma memorandumları imzalanmışdır.
Sənədlərdə tədqiqatçı, aspirant və magistrantların mübadiləsi, birgə seminar, konfransların təşkili, layihələr üzrə elmi araşdırmaların aparılması və s. nəzərdə tutulur.
Qonaqlar Bakı Dövlət Universitetinin laboratoriyaları, elmi mərkəzləri ilə də tanış olmuşlar.