Bakı Dövlət Universitetində beynəlxalq virtual elmi konfrans keçirilir
Bakı, 6 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biologiya və Sosial elmlər və psixologiya fakültələrinin birgə təşkilatçılığı ilə “Koronavirus pandemiya və epidemiyaları: bioloji və sosial-psixoloji aspektlər” mövzusunda beynəlxalq virtual elmi konfrans öz işinə başlayıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, konfransda rektor Elçin Babayev Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması istiqamətində ali təhsil ocağında görülən qabaqlayıcı tədbirlər, xüsusi karantin rejimində tələbə və magistrantların təhsilinin davamlılığının təmin olunması, BDU-da yeni yaradılmış elmi-tədqiqat laboratoriyaları, onların fəaliyyət perspektivləri haqqında məlumat verib. Qlobal pandemiya elan edilən koronavirusa qarşı dünyanın səfərbər olduğunu bildirən rektor Azərbaycanın müvafiq təhlükənin öz əhalisinə təsirini mümkün qədər minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biri olduğunu vurğulayıb.
Sonra Biologiya fakültəsinin Onurğasızlar zoologiyası kafedrasının professoru Hökümə Quliyeva “SARS-CoV-2 virusunun yayılmasında zooloji obyektlərin rolu”, Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının professoru Fikrət Əfəndiyev “Koronavirus pandemiyası və epidemiyalarının sosial-psixoloji aspektləri” mövzusunda məruzələrlə çıxış ediblər.
Biologiya fakültəsinin magistrantları “Koronaviruslarla mübarizədə biyan kökündən istifadə edilməsinin perspektivləri” adlı məruzəni və koronavirusun Azərbaycanda yayılmasının riyazi modelini, həmçinin gələcək proqnozlarını konfrans iştirakçılarının diqqətinə çatdırıblar. Sosial elmlər və psixologiya fakültəsinin magistrantları karantin rejiminin psixoloji aspektləri, gənclər üçün virus pandemiyasının mümkün fəsadları haqqında məlumat veriblər.
İranın Marağa Tibb Universitetinin Farmakologiya və toksikologiya kafedrasının dosenti Əziz İftixarinin koronavirus epidemiyasının müxtəlif ölkələrdə oxşar cəhətləri və ona qarşı təxirəsalınmaz müdaxilə tədbirlərinə həsr olunan çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş konfransa, həmçinin Polşanın II İohan Pavel adına Lublin Katolik Universiteti və Türkiyənin Bozok Universitetindən olan tədqiqatçılar qatılıblar. Diskussiya şəraitində davam edən ikigünlük konfransın birinci günü sualların cavablandırılması ilə yekunlaşıb.