BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ İDMANÇILARIN MÜKAFATLANDIRMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Bakı, 31 oktyabr (AZƏRTAC). Bakı Dövlət Universitetinin (BDU) 90 illik yubileyi münasibətilə universitetin Tələbə həmkarlar ittifaqı komitəsi Bədən tərbiyəsi və idman kafedrası ilə birlikdə böyük kütləvi idman tədbirləri təşkil etmişlər. Bu yarışlardan ikisi ümumrespublika miqyaslı (şahmat-14 ali məktəb və üzgüçülük-16 ali məktəb) və biri universitetin fakültələrarası futbol yarışı olmuşdur.
Futbol üzrə turnirdə BDU-nun 16 fakültəsi ilə yanaşı Moskva Dövlət Universitetinin Bakı filialı və BDU-da təhsil alan xarici tələbələrin komandaları iştirak etmişlər. Gərgin mübarizə şəraitində və böyük maraqla keçmiş yarışlarda qaliblər müəyyənləşmişdir. 16 ali məktəbin tələbələri arasında üzgüçülük yarışının qalibi BDU-nun komandası olmuşdur. İkinci yeri Azərbaycan Dövlət Neft Akademiyası, 3-cü yeri Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) tutmuşdur.
14 ali məktəbin iştirakı ilə keçirilən şahmat turnirində ən yüksək nəticəni ADİU göstərmişdir. Bu mübarizədə BDU 2-ci, Bakı Slavyan Universitetinin komandası 3-cü yerə layiq görülmüşdür.
Bakı Dövlət Universitetinin 90 illiyinə həsr olunmuş futbol turnirinin finalında BDU-nun hüquq və kitabxanaçılıq fakültələrinin komandaları qarşılaşmışlar. Gərgin keçən oyunda hüquq fakültəsinin futbolçuları 2:1 hesabı ilə qələbə qazanmışlar. 2-ci və 3-cü pillələrdə beynəlxalq münasibətlər və beynəlxalq hüquq və xarici tələbələrdən ibarət komandalar qərarlaşmışlar.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov qaliblərə kubok, diplom və medallar təqdim etmişdir.