CƏMİYYƏT
Bakı məktəbliləri fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə mövzusunda təlim keçiblər
![](/files/galleryphoto/2023/2/1200x630/16849195452574927265_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/168491954554448226_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1684919546622048351_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16849195462225610041_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16849195462318663207_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1684919546922960413_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16849195463873644238_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16849321706316437368_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16849321702677446238_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16849321703436860076_1200x630.jpg)
Bakı, 24 may, AZƏRTAC
Fövqəladə Hallar, Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə “Məktəblinin dostu” layihəsi çərçivəsində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 113 nömrəli tam orta məktəbdə “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.
Təlimdə FHN-in İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva, elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva və məktəbin kollektivi iştirak edib.
Tədbirdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş məktəbdə təxliyə planına uyğun olaraq, şagirdlərin və müəllimlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış məktəblilərə “ilkin yardım göstərilib”.
Təlimin məqsədlərindən danışan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib: “Təlimin keçirilməsində əsas məqsəd uşaqlara baş verə biləcək ekstremal hallarda düzgün davranma qaydalarını aşılamaqdır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində mülki müdafiə və xüsusi hallar komissiyası fəaliyyət göstərir. Bu komissiya fövqəladə hallar zamanı çevik qərar verməyə, prosesləri nəzərdə saxlamağa və xilasetmənin daha düzgün həyata keçirilməsinə dəstək olur”.
Elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayevin sözlərinə görə, “Məktəblinin dostu” layihəsi artıq 226 məktəbdə fəaliyyət göstərir. Burada əsas məqsəd uşaqlar üçün daha təhlükəsiz mühitin yaradılması, fövqəladə hal baş verdikdə uşaqlara ilkin yardımın göstərilməsi və təxliyənin təmin olunmasıdır.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat sektorunun rəisi, daxili xidmət baş leytenantı Əlibala Əlizadə təlim yerində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, xüsusi riskli xilasetmə, tibb xidmətlərinin peşəkar heyətinin iştirak etdiyini bildirib.
Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədə nail olunub.
Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda və regionlarda mütəmadi olaraq təşkil olunur.