Bakı Mühəndislik Universitetinin tələbələri beynəlxalq proqramlaşdırma müsabiqəsinin qalibi olub
Xırdalan, 3 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Hindistanın Amritapuri vilayətində keçirilən beynəlxalq proqramlaşdırma müsabiqəsinin qalibi olub. Müsabiqə Harbour Space University, Amrita School of Engineering, Codeforces, “Moscow Workshops ACM-ICPC”nin birgə təşkilatçılığı ilə “Amrita School of Engineering”in bazasında “Hello India x Russia Programming Bootcamp ACM-ICPC 2018” beynəlxalq proqramlaşdırma layihəsi çərçivəsində reallaşıb.
BMU-dan AZƏRTAC a- bildirilib ki, təlimlərdə və müsabiqələrdə 8 ölkənin (Hindistan, Azərbaycan, İordaniya, Litva, Oman, Rusiya, Sinqapur, Yaponiya) 28 ali təhsil müəssisəsi, 3 kollec və 3 şirkətdən 39 komanda iştirak edib.
Azərbaycandan Bakı Mühəndislik Universitetinin kompüter və informasiya texnologiyaları kafedrasının baş müəllimi Etibar Seyidzadənin rəhbərliyi ilə “BEU Programmers” (Rəşad Məmmədov, Mahmud Allahverdiyev, Rəsul Kərimov) komandası iştirak edib.
Təlimlər çərçivəsində keçirilən müsabiqələrdə Bakı Mühəndislik Universitetinin “BEU Programmers” komandası ən yaxşı nəticə (7 müsabiqədə - 2 ikinci, 5 birinci yer) göstərərək yekun nəticəyə görə “Hello India x Russia Programming Bootcamp ACM-ICPC 2018” beynəlxalq proqramlaşdırma müsabiqəsinin qalibi olub və qızıl medala layiq görülüb.