CƏMİYYƏT
Bakı Regional Mərkəzi “Fövqəladə hallar zamanı nə etməli?” mövzusunda maarifləndirmə tədbirlərini davam etdirir
Bakı, 31 oktyabr (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi “Hər bir uşağın qayğısına qalaq!” devizi altında reallaşdırılan “Uşaq hüquqları aylığı” çərçivəsində paytaxtın Nizami rayonundakı 201 nömrəli məktəbdə “Fövqəladə hallar zamanı nə etməli?” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.
FHN-dən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə məktəbin müəllim və şagird kollektivləri iştirak etmişlər.
Tədbir zamanı nazirliyin əməkdaşları “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın-partlayış və nəqliyyat qəzası zamanı nə etməli?”, “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli?” və s. kimi mövzularda çıxış etmişlər. Tədbir iştirakçılarına fövqəladə hal baş verdikdə istifadə olunan texnika və avadanlığın təyinatı və iş prinsipləri nümayiş etdirilmişdir.
Eyni zamanda, şagirdlərin zəlzələ mövzusunda hazırladıqları səhnəcik nümayiş olunmuşdur.