ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetinin Azərbaycan filologiyası fakültəsinin elmi şurasının onlayn iclası
Bakı, 7 may, AZƏRTAC
Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan filologiyası fakültəsinin elmi şurasının onlayn iclası keçirilib. İclasa fakültənin dekanı, professor Eldar Piriyev sədrlik edib.
BSU-nun Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda əvvəlcə COVID-19 pandemiyasının fəsadlarından danışılıb, bütün dünyanın və Azərbaycan xalqının tezliklə bu bəladan qurtulması arzulanıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus pandemiyasına qarşı ciddi qabaqlayıcı tədbirlər həyata keçirilir.
Bildirilib ki, BSU-nun rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva başda olmaqla, universitetin kollektivi də bu tədbirlərdə fəal iştirak edir.
Professor Eldar Piriyev Azərbaycan təhsilində onlayn sistemin tətbiq edildiyi şəraitdə dekanlıq və müəllimlərin fəaliyyətini yüksək qiymətləndirib, gənc nəslin dərin biliklərə sahib olması üçün müəllimləri bu işdə daha çox fəallıq göstərməyə çağırıb.
Tədris işləri üzrə dekan müavini, dosent Sədaqət Əsgərova buraxılış işlərinin vəziyyəti haqqında məlumatı elmi şura üzvlərinin diqqətinə çatdırıb. Sonra Müasir Azərbaycan dili kafedrasının müdiri, professor İkram Qasımov və Türkologiya kafedrasının müdiri, professor Şaban Hüseynov bildiriblər ki, xüsusi karantin rejimində tələbələr mərkəzi kitabxana ilə canlı təmasda ola bilməsələr də, buraxılış işlərinin tam yazılıb sona çatdırılması üçün elmi rəhbərləri onlara lazımi dəstək verirlər.
Sonda iclasda yaz semestrinin imtahan sessiyasına hazırlıq, imtahan suallarının sadələşdirilməsi və azaldılması məsələləri müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.