ELM VƏ TƏHSİL
Bakı Slavyan və Xorvatiyanın Zaqreb universitetləri arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır
Bakı, 30 oktyabr (AZƏRTAC). Oktyabrın 30-da Xorvatiyanın Zaqreb Universitetinin rektoru, professor Aleksa Byeliş Bakı Slavyan Universitetində olmuşdur.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə bu ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfər etmiş xorvatiyalı həmkarının BSU-ya gəlişindən çox şad olduğunu söyləmişdir. O, slavyan xalqlarının dil və mədəniyyətlərinin tədqiqi və təbliği istiqamətində təcrübə toplamış BSU-da artıq serb və xorvat dillərinin də tədris olunmasının vaxtının çatdığını qeyd etmişdir.
A.Byeliş universitetlər arasındakı yeni əməkdaşlıq münasibətlərindən danışmış və bu əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduğunu vurğulamışdır. O, rəhbərlik etdiyi ali təhsil ocağı haqqında geniş məlumat verməklə yanaşı, BSU-da fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzləri ilə tanışlıqdan məmnun olduğunu qeyd etmiş, Zaqreb Universitetində də BSU tərəfindən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaranmasının təqdirəlayiq bir hadisə ola biləcəyini nəzərə çatdırmışdır. O demişdir ki, burada fəaliyyət göstərən mərkəzlərin təşkili mənə xoş təsir bağışlamışdır. Bu mərkəzlər Bakı Slavyan Universitetinin təhsil və mədəniyyət göstəricisidir.
Sonra BSU və Zaqreb universitetlərinin rektorları əməkdaşlığa dair müqavilə imzalamışlar.
Sənəddə tərəflər arasında müəllim, elmi işçi, tələbə mübadiləsinin həyata keçirilməsi, birgə elmi-tədqiqat fəaliyyətinin, elmi tədbirlərin-konfransların, seminarların, simpoziumların, kollokviumların təşkili, elmi məqalə məcmuələrinin hazırlanması və nəşr olunması, tərəflərin elmi-tarixi ədəbiyyatla qarşılıqlı təmin edilməsi nəzərdə tutulmuşdur.
BSU-nun beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Oqtay Əliyev Xorvatiyanın tarixindən bəhs edən “Sloveniya və Xorvatiya: Müharibə və sülh diplomatiyası” adlı kitabını qonağa hədiyyə etmişdir.
Sonra qonaq müəllim və tələbələrin suallarını cavablandırmışdır.