ELM VƏ TƏHSİL
Bakı Xoreoqrafiya Akademiyasında 20 Yanvar həftəsi
Bakı, 17 yanvar, AZƏRTAC
Bakı Xoreoqrafiya Akademiyasında 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunan “20 Yanvar həftəsi” keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, 20 Yanvar faciəsi ilə əlaqədar tədbirlər planına əsasən həftə ərzində tam orta, orta ixtisas və ali təhsil pillələrində silsilə tədbirlər keçirilib. Həftəyə “Qanlı Yanvar - xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi” mövzusunda elmi sessiya ilə yekun vurulub.
Akademiyanın rəhbərliyi, professor-müəllim və tələbə-şagird heyətinin iştirakı ilə keçən sessiyanın əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər Qanlı Yanvar hadisələri haqqında ətraflı məlumat verib, həmin günü azadlığa, müstəqilliyə gedən yolun başlanğıcı adlandırıblar.
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin bəyan etdiyi kimi, “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gəlmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirib”.
Tədbirdə akademiyanın şagird və tələbələrinin ifasında 20 Yanvar hadisələri haqqında ədəbi-bədii kompozisiya nümayiş olunub.