Azərbaycanda keçirilən beynəlxalq minatəmizləmə konfransı İordaniya mətbuatının diqqət mərkəzindədir
Bakı, 30 may, AZƏRTAC
Mayın 30-da İordaniyanın “Petra” Dövlət İnformasiya Agentliyinin rəsmi səhifəsində, o cümlədən ölkənin aparıcı “Əl-Rəy” hökumət qəzetinin elektron versiyasında “İordaniya Azərbaycanda keçirilən beynəlxalq humanitar minatəmizləmə konfransında iştirak edir” başlıqlı məqalələr dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə “Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən beynəlxalq konfransda 75 ölkədən 300-dən çox qonağın, o cümlədən İordaniyanın Minatəmizləmə və Reabilitasiya üzrə Milli Komissiyanın (NCRD) və Ərəb Minatəmizləməsi üzrə Konsultasiya Heyətinin (AMACC) üzvlərinin iştirak etdiyi bildirilir.
Məlumatda Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətində minaların humanitar fəsadlarının aradan qaldırılması, torpaqların minalardan təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin adekvat siyasi və praktiki dəstəyin göstərilməsinə çağırdığı qeyd olunur. Eyni zamanda, məlumatda Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində humanitar minatəmizləmə üzrə xüsusi əlaqə qrupunun yaradılması təşəbbüsü ilə çıxış etdiyi və həmin qrupun ötən ilin sentyabr ayında fəaliyyətə başladığı əks olunub.
Məqalədə, həmçinin 2023-cü ildə Azərbaycanın humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan etdiyi və bu məsələnin BMT-nin qlobal 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi qəbul edilməsi istiqamətində davamlı işin aparıldığı vurğulanır.