BAKIDA 7-Cİ BEYNƏLXALQ TURİZM VƏ 2-Cİ HOTEL BİZNESİ SƏRGİLƏRİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 16-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində 7-ci Azərbaycan “Səyahət və Turizm” və 2-ci Azərbaycan “Hotel biznesi” beynəlxalq sərgiləri açılmışdır. “İteca Kaspian” şirkətinin, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Ticarət və Sənaye Palatasının, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu, Turizm Sərgilərinin Təşkilatçıları Assosiasiyası tərəfindən keçirilən sərgilərdə 28 ölkədən 65 şirkət təmsil olunmuşdur.
Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, turizm sektorunun inkişafı respublika rəhbərliyi tərəfindən iqtisadiyyatın öncül istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Sahənin hərtərəfli inkişafı, ölkəmizin turizm imicinin yüksəldilməsi məqsədi ilə yaraşıqlı istirahət obyektləri ucaldılır, bölgələrdə infrastruktur təkmilləşdirilir. Hazırda ölkəmizdə çoxlu sayda hotellərin inşa olunduğunu deyən nazir bütün mehmanxana obyektlərinin lisenziyalaşdırılacağını bildirmişdir. O, həmcinin Azərbaycana gələn turistlərin sayının ilbəil artdıgını soyləmişdir.
Sərgidə nümayiş olunan ən maraqlı stendlərdən biri “Qarabağ-cənnət diyarı” adlı ayrıca ekspozisiya olmuşdur. Ekspozisiyada qədim Qarabağın tarixini, incəsənətini əks etdirən maddi mədəniyyət nümunələri nümayiş etdirilir.
“Mehmanxana biznesi” sərgisinin iştirakçıları arasında isə mehmanxanalar, konqres-hollar, istirahət evləri, restoranlar, barlar, klublar və əyləncə mərkəzləri üçün texnologiyalar, materiallar, avadanlıq və xidmət istehsalçıları və tədarükçüləri var.
Sərgilərin ilk iş günündə “Şərab mədəniyyəti və turizm mübadiləsi” beynəlxalq mədəniyyət-turizm marşrutunun təqdimatı olmuşdur. Layihə çərçivəsində “Azərbaycanın Şərab yolları” adlı təqdimatla çıxış edən Azərbaycan Mədəniyyət və Turizm nazirliyi ölkəmizdə şərabçılıqla məşğul olan regionların məhsullarını nümayiş etdirmişdir. Təqdimat mərasimindən sonra hər bir qonaq Azərbaycan şərablarından dadmaq imkanı qazanmışdır.
Müxtəlif ölkələrdə şərabçılıq ənənlərini təbliğ etmək məqsədi ilə hazırlanan bu layihəni Avropa Şurası dəstəkləmişdir. Layihə Azərbaycan, Gürcüstan, Rusiya, Turkiyə, Moldova, Ukrayna, Gürcüstan və Serbiyada turizmin inkişafına yönəldilmişdir.
![]() |
![]() |

