ELM VƏ TƏHSİL
Bakıda "Beynəlxalq onlayn platforması üzərindən robototexnikanın öyrənilməsi" layihəsinə start verilib
Bakı, 5 oktyabr, AZƏRTAC
Bakı şəhəri 298 saylı orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş "Beynəlxalq onlayn platforması üzərindən robototexnikanın öyrənilməsi" adlı layihənin rəsmi açılışı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə məktəbin rəhbərliyi, müəllim heyəti, 8-ci sinif şagirdləri və “Khan Academy”nin Azərbaycandakı rəsmi nümayəndəsi iştirak ediblər. Açılış mərasimində şagirdlər və müəllimlərə layihənin məqsədləri və “Khan Academy” platforması haqqında ətraflı məlumat verilib.
Robototexnika müasir təhsilin vacib sahələrindən biri kimi mühəndislik, riyaziyyat, layihələndirmə və proqramlaşdırma biliklərini bir araya gətirir. Şagirdlərə bu sahədə biliklərin aşılanması, onların gələcək karyera yollarına daha yaxşı hazırlaşmalarına və texnologiya sahəsində uğurlar qazanmalarına kömək edəcək. Bununla yanaşı, layihə vasitəsilə şagirdlər texnologiya ilə əlaqəli məsələləri daha yaxşı anlayacaq və müasir dünyada baş verən texnoloji inkişaflarla ayaqlaşmağı bacaracaqlar.
Robototexnika yaradıcı düşünmə və innovasiya sahələri ilə sıx bağlıdır. Buna görə də layihə şagirdlərin problem həlletmə bacarıqlarını və yaradıcı yanaşmalarını inkişaf etdirməyi hədəfləyir.