BAKIDA AZƏRBAYCAN-LİTVA BİZNES-FORUMU KEÇİRİLMİŞDİR
Aprelin 22-də “Avropa” mehmanxanasında Azərbaycan-Litva biznes-forumu keçirilmişdir. İqtisadi inkişaf naziri Heydər Babayev tədbir iştirakçılarına müraciət edərək dedi ki, Azərbaycan dinamik inkişaf edən ölkədir. Ötən il ümumi daxili məhsul (ÜDM) 25 faiz, o cümlədən qeyri-neft sektorunda 11 faiz artmışdır ki, bu da yüksək inkişaf etmiş ölkələrin göstəricilərini üstələyir. 2007-ci ildə ölkə iqtisadiyyatına yatırılmış təxminən 8 milyard dollar sərmayənin 70 faizi xarici sərmayələrin payına düşür.
Azərbaycan-Litva iqtisadi münasibətlərindən danışan Heydər Babayev ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsinin 17 milyon dollar artdığını qeyd edərək vurğuladı ki, həmin göstəricilər 2006-cı illə müqayisədə üç dəfə çox olsa da, iki ölkənin potensialına uyğun gəlmir. Nazir ümidvar olduğunu bildirdi ki, Litva Azərbaycanın Avropa strukturlarına inteqrasiyasında etibarlı vəsilə olacaqdır.
Litvanın Baş naziri Gediminas Kirkilas bildirmişdir ki, son vaxtlar sürətlə inkişaf edən Azərbaycan-Litva əlaqələri bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişlənəcəyinə və əmtəə dövriyyəsinin artacağına ümid verir. O, ümummilli lider Heydər Əliyevin Azərbaycanı qısa müddətdə regionun lider dövlətinə çevirmiş neft strategiyasının hazırlanması və həyata keçirilməsi ilə bağlı uzaqgörən siyasətini yüksək qiymətləndirdi. Baş nazir G.Kirkilas vurğuladı ki, son illər Litva və Azərbaycan bir çox beynəlxalq məsələlərə münasibətdə vahid mövqedən çıxış edirlər.
Xəzər İnteqrasiya İşgüzar Klubunun rəhbəri Telman Əliyev klub adından Litva hökumətinin başçısına xatirə hədiyyəsi təqdim etdi.
Sonra hər iki ölkənin üşgüzar dairələrinin nümayəndələri çıxış edərək, kənd təsərrüfatı, nəqliyyat, humanitar və sair sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdilər.
![]() |
![]() |

