BAKIDA ÇİMƏRLİK FUTBOLU ÜZRƏ AVROPA KUBOKU UĞRUNDA YARIŞ YÜKSƏK SƏVİYYƏDƏ KEÇƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Dünya Çimərlik Futbolu Federasiyasının baş katibi Qabino Renoles sentyabrın 18-21-də Bakıda keçiriləcək Avropa kuboku uğrunda yarışa hazırlığın gedişindən razı qaldığını söyləmişdir.
Sentyabrın 17-də AFFA-da keçirilən mətbuat konfransında Qabino Renoles demişdir ki, hələ Bakıya gəlməmişdən əvvəl yarışa hazırlıqla bağlı görülən işlər barədə məni məlumatlandırırdılar. Azərbaycanda gördüklərimiz bizdə xoş təəssürat oyatdı.
Qabino Renoles turnirdə iştirakı nəzərdə tutulan Portuqaliya və Fransa yığma komandalarının Bakıya gəlməmələrinin səbəbini də açıqlamışdır. Baş katib demişdir ki, Fransa və Portuqaliya milli federasiyaları səbəb kimi Gürcüstanda baş verən hərbi münaqişəni göstərmişlər. Biz hər iki federasiyanı Azərbaycanın münaqişə zonasından uzaqda yerləşməsi barədə məlumatlandırmışıq. Onların təhlükəsizliyinə hər cür təminat verməyimizə baxmayaraq, hər iki ölkənin yığması yarışa gəlməkdən imtina etmişdir.
AFFA-nın baş katibi Elxan Məmmədov idmanın bu növünün Azərbaycanda yeni təşəkkül tapmasına baxmayaraq, artıq ölkəmizin Avropa kuboku kimi mötəbər yarışı təşkil etmək iqtidarında olduğunu söyləmişdir. Bu yarışı keçirmək üçün AFFA-nın nümayəndəsi iyulda Barselonada Dünya Çimərlik Futbolu Federasiyasının rəsmiləri ilə müzakirələr aparmışdır. Danışıqlar müsbət nəticələndikdən sonra bir ay ərzində Bakıda min nəfər tamaşaçı tutumuna malik stadionun inşası qərara alınmışdır.
Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi milli komandamızın qarşısına yarışda ilk üçlüyə düşmək vəzifəsi qoyulduğunu söyləmişdir.
Azərbaycan yığmasının baş məşqçisi Enrike Qustavo Silva isə son vaxtlar rəhbərlik etdiyi komandanın gücləndiyini diqqətə çatdıraraq, Avropa kuboku uğrunda yarışlarda yerli azarkeşləri sevindirəcəyinə əmin olduğunu bildirmişdir. Mütəxəssis Azərbaycan yığmasında legionerlərin oynamadığını xatırladaraq, yetirmələrinin istənilən rəqibə qarşı layiqli mübarizə aparacağını vurğulamışdır.