Bakıda “Elbəy Rzaquliyev. Ürəyi ilə yaradan rəssam” adlı sərgi açılıb
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) milli təsviri sənətin görkəmli nümayəndəsi, Xalq rəssamı Elbəy Rzaquliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Elbəy Rzaquliyev. Ürəyi ilə yaradan rəssam” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgidə AMİM, Azərbaycan Dövlət Rəsm Qalereyası və rəssamın ailə kolleksiyasından 80-ə yaxın rəngkarlıq və qrafika əsəri, kino eskizləri yer alıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu Xalq rəssamı Elbəy Rzaquliyev ilə bağlı xatirələrini bölüşüb.
Bu tədbirin ölkəmizin incəsənət həyatı üçün xüsusi əhəmiyyət daşıyan mühüm hadisə olduğunu diqqətə çatdıran mədəniyyət nazirinin müavini Murad Hüseynov deyib: “Bu gün Azərbaycan təsviri incəsənətinin görkəmli nümayəndəsinin xatirəsini dərin ehtiramla yad edir, onun milli mədəniyyətimizin inkişafına verdiyi misilsiz töhfələri minnətdarlıqla xatırlayırıq”.
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova sərgi barədə ətraflı məlumat verib. O qeyd edib ki, Azərbaycan təsviri sənətində özünəməxsus dəst-xətti ilə seçilən Elbəy Rzaquliyev Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bədii film üzrə quruluşçu-rəssam ixtisası ilə bitirən ilk azərbaycanlıdır, uzun illər C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərib.
“Onun quruluşçu-rəssam kimi iştirak etdiyi “Bir məhəlləli iki oğlan”, “Ögey ana”, “Telefonçu qız”, “Arşın mal alan”, “Uşaqlığın son gecəsi”, “Sevil”, “Yeddi gözəl”, “Qəm pəncərəsi” və digər filmlər Azərbaycan kino tarixinin klassik nümunələri sırasında xüsusi yer tutur. Sərginin mühüm bölmələrindən biri Elbəy Rzaquliyevin Azərbaycanın şəhər və kənd həyatına, doğma yurdun mənzərələrinə həsr olunmuş əsərlərini bir araya gətirir. Abşeron torpağı rəssamın bədii dünyasının ayrılmaz hissəsinə çevrilib. Pirşağıdakı emalatxanasında keçirdiyi uzun illər ərzində yaratdığı əsərlər onun doğma məkana bağlılığının, təbiətə və gündəlik həyata poetik baxışının ifadəsi kimi diqqəti cəlb edir”, - deyə Ş.Məlikova əlavə edib.
O bildirib ki, rəssamın yaradıcılığında insan və əmək mövzusu xüsusi yer tutur. Neftçilər, inşaatçılar, gəmi təmirçiləri, geodeziyaçılar və digər əmək adamları onun əsərlərinin əsas qəhrəmanlarıdır. “Sumqayıt tikilir”, “İnşaatçılar”, “İnsanlar torpağı”, “Əmək adamları”, “Tikintidə” kimi silsilələrdə əmək insanının mənəvi gücü, peşə ləyaqəti və həyat sevgisi yüksək bədii dillə ifadə olunub. Bu bölmədə Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında qorunan “İnşaatçılar” triptixi xüsusi yer tutur. Ekspozisiyanın digər mühüm istiqaməti Elbəy Rzaquliyevin xarici səfərləri nəticəsində yaranan əsərləridir. Dünyanın müxtəlif ölkələrinə etdiyi səfərlər rəssamın bədii dünyagörüşünü zənginləşdirmiş, onun əsərlərinə yeni mövzular və obrazlar bəxş etmişdir. Meksika, ABŞ, Afrika, Yaponiya, Nepal, İtaliya və digər ölkələrə həsr olunan silsilələrdə memarlıq abidələri, şəhər mənzərələri, gündəlik həyat səhnələri və müxtəlif insan portretləri öz əksini tapıb. Bu əsərlərdə rəssamın fərqli mədəniyyətlərə həssas baxışı, müşahidə qabiliyyəti və insan xarakterlərini təsvir etmək bacarığı aydın şəkildə görünür.
Xalq rəssamı, professor Səlhab Məmmədov da sərgi barədə fikirlərini bölüşüb. O söyləyib ki, sərginin maraqlı məqamlarından biri sənətkarın həmkar dostları Toğrul Nərimanbəyov, Həsən Haqverdiyev və gürcü rəssamı B.Samalaşvili tərəfindən yaradılmış portretlərinin də yer almasıdır.
Xalq rəssamının qızı Aytac Rzaquliyeva ailə üzvləri adından tədbirin təşkilinə görə minnətdarlığını bildirib.
Tədbir çərçivəsində Xalq artistləri Salman Qəmbərov və Ülviyyə Hacıbəyovanın iştirakı ilə rəssamın yaradıcılıq dünyasına uyğun musiqi nömrələrindən ibarət bədii proqram təqdim olunub.
Daha sonra qonaqlar sərgini izləyiblər.
Sərgi avqustun 31-dək davam edəcək.