İDMAN
Bakıda FİLA-nın beynəlxalq hakimlik kursu keçirilir VİDEO
Bakı, 16 aprel (AZƏRTAC). Xəbər verdiyimiz kimi, aprelin 19-dan 22-dək Bakı Olimpiya İdman Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda beynəlxalq turnir keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, turnirdə 13 ölkənin pəhləvanları mübarizə aparacaqlar.
Turnirdən əvvəl Bakıda Beynəlxalq Güləş Federasiyasının (FİLA) növbəti hakimlik kursu təşkil olunmuşdur. Kurs FİLA instruktorları Sergey Novokovski (Rusiya) və Edişer Maşaidze (Gürcüstan) tərəfindən keçirilir. Aprelin 16-da başlayan kursda 13 ölkədən 50-dən artıq hakim iştirak edir. Hakimlik kursunun ilk günündə iştirakçılara nəzəri və praktiki biliklər verilmiş, FİLA-nın yeni güləş qaydaları izah edilmişdir.
Kursun ikinci günündə iştirakçılar test üsulu ilə yazılı imtahan verəcək, daha sonra Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda beynəlxalq turnirdə praktiki sınaqdan keçiriləcəklər.
Hər iki imtahanı uğurla keçən hakimlər yekunda üçüncü dərəcəli beynəlxalq hakim adına layiq görüləcəklər.