Bakıda görkəmli alimin 100 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək
Bakı, 27 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda sentyabrın 24-dən 26-dək Dövlət Mükafatı laureatı, Əməkdar Elm Xadimi, akademik Həsən Abdullayevin 100 illik yubileyinə həsr olunan “Kondensə olunmuş hal fizikasının müasir tendensiyası (MT CMP 2018)” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Fizika İnstitutundan AZƏRTAC-a bildirilib ki, konfrans Prezident İlham Əliyevin “Akademik Həsən Abdullayevin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 14 iyul tarixli Sərəncamına əsasən təşkil ediləcək.
Konfrans üçün tezis və məruzələr avqustun 1-dək qəbul edilir. Ətraflı məlumat üçün [email protected] elektron ünvanına müraciət etmək mümkündür.
Qeyd edək ki, H.Abdullayev Azərbaycanda müasir fizikanın, xüsusən yarımkeçiricilər fizikası və texnikasının bünövrəsini yaratmaqla yanaşı, bu elm sahəsinin inkişafının başlıca istiqamətlərini də müəyyənləşdirib. Fundamental tədqiqatlarla zəngin bir məktəb formalaşdıran alim uzun illər ərzində Elmlər Akademiyasının prezidenti kimi respublikada elmin təşkili işinə mühüm töhfələr verib, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasında təqdirəlayiq fəaliyyət göstərib.