BAKIDA HOLOKOST QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
Milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucov Azərbaycan Prezidenti İlham Əliyevin yəhudi soyqırımının ildönümü ilə əlaqədar ölkəmizin yəhudi icmasına ünvanladığı müraciəti oxumuşdur.
H.Orucov İkinci Dünya müharibəsi zamanı qətlə yetirilmiş yəhudilərin xatirəsinin daim yaşayacağını söyləmişdir. Holokostdan bir neçə il əvvəl – 1918-ci ildə Qubada ermənilərin törətdiyi qətl-qarət zamanı minlərlə insanın, o cümlədən yəhudinin öldürüldüyünü diqqətə çatdıran dövlət müşaviri bildirmişdir ki, bununla əlaqədar Azərbaycandakı yəhudi icmasının təşəbbüsü ilə bu yaxınlarda konfrans keçirilmiş və hazırda konfransın materialları araşdırılır.
Holokost qurbanlarının ruhuna rəhmət diləyən H.Orucov Prezident İlham Əliyevin müraciətinin mətnini yəhudi icmasının rəhbərlərinə təqdim etmişdir.
İsrailin ölkəmizdəki səfiri Artur Lenk 1933-1945-ci illərdə yəhudi xalqının yaşadığı faciələrdən danışmış, İsrailin Holokost qurbanlarının araşdırılması ilə məşğul olan qurumu - Yad Vaşemin qətlə yetirlmiş 6 milyon yəhudinin təxminən yarısının şəxsiyyətini müəyyənləşdirdiyini bildirmişdir.
A.Lenk Prezident İlham Əliyevin yəhudi icmasına müraciətini yüksək qiymətləndirdiklərini söyləmiş, bunun Azərbaycan xalqının yəhudi xalqının dərdinə şərik çıxması kimi başa düşdüklərini vurğulamışdır.
Tədbirdə soyqırımı qurbanlarının xatirəsinə dualar oxunmuş, bədii proqram və film nümayiş etdirilmişdir.