Bakıda iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova həsr edilmiş mühazirə oxunub
Bakı, 14 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədrinin müavini Cəlil Xəlilov Bakıdakı Rus Evində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanova həsr edilmiş mühazirə oxuyub.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbir Bakıdakı Rus Evinin dəstəyi ilə Azərbaycan Rus Gəncləri Assosiasiyası və Veteranlar Təşkilatı tərəfindən birgə təşkil edilib.
Mühazirədə tələbələr, məktəblilər və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. İkinci Dünya müharibəsində Qələbəyə Azərbaycanın və azərbaycanlıların töhfəsi, qəhrəmanların tarixi xatirəsinin qorunub saxlanması mövzuları müzakirə olunub.
Xatırladaq ki, Həzi Aslanov dünyanın faşizmdən xilas edilməsi uğrunda ağır döyüşlərdə bacarıqlı sərkərdə istedadını nümayiş etdirib, hərb salnaməsinə yeni parlaq səhifələr yazıb. General Həzi Aslanovun şəxsi rəşadəti və onun rəhbərlik etdiyi tank alayının bənzərsiz igidliyi Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunələridir. General Həzi Aslanov İkinci Dünya müharibəsi cəbhələrində göstərdiyi igidliyə görə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, üç dəfə “Qırmızı bayraq” ordeni, ikinci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, birinci dərəcəli Böyük Vətən müharibəsi ordeni, iki dəfə “Qırmızı ulduz” ordeni və medallarla təltif edilib.